“Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı
Komissiya, işə baxılmasının nəticələrini nəzər alaraq, «Antiinhisar fəaliyyəti haqqında» AR Qanununun 3-cü və 17-ci maddələrini, Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş «Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları»-nın 2.12-ci bəndini rəhbər tutaraq,
QƏRARA ALIR:
- «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırılmışdır (2023-cü ilin noyabr ayında «Alliance Logistics» MMC-nin sifarişi ilə verilmiş «mesplan»ların razılaşdırılmasından imtina edilməsi ilə rəqabətin məhdudlaşdırılması). Bununla da «Antiinhisar fəaliyyəti haqqında» AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulmuşdur. Qanun pozuntusu ilə əldə edilmiş gəlir «Antiinhisar fəaliyyəti haqqında» AR Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən dövlət büdcəsinə ödənilsin.
-«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sahə inhisarçılığına yol verilərək rəqabəti məhdudlaşdırması, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılmasına (2023-ci ilin noyabr-dekabr aylarında uran konsentratı yükünün «ADY Konteyner» MMC tərəfindən daşınmasında rəqabətin məhdudlaşdırılması) və bununla da «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş XXXXXX gəlir «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilsin.
- «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sahə inhisarçılığına yol verilərək rəqabəti məhdudlaşdırmaq və ya aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılmışdır (ADY QSC-nin 19.05.2023-cü il tarixli əmri ilə «ADY Konteyner» MMC-yə xüsusi güzəştlərin tətbiq edilməsi nəticəsində Hövsan stansiyasında göstərilən xidmətlərin qiymətləri ilə bağlı rəqabətin məhdudlaşdırılması). Bununla da «Antiinhisar fəaliyyəti haqqında» AR Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulmuşdur. Nəticədə qanun pozuntusu ilə əldə edilmiş gəlir «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən dövlət büdcəsinə ödənilsin.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə işə baxılmasının nəticələri üzrə «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinin pozulması hallarının aradan qaldırılması üçün aşağıdakılar haqqında göstəriş verilsin:
- qanunsuz əldə edilmiş mənfəət kimi vəsaitin dövlət büdcəsinə ödənilməsi, müvafiq sahədə fəaliyyət göstərən ekspeditorların sifarişləri ilə «mesplan»ların razılaşdırılması zamanı subyektiv əsaslara söykənən səbəblərə görə imtinaların verilməsi hallarının dayandırılması, «mesplan»ların razılaşdırılmasından imtina edilməsi zamanı səbəblərin açıq-aydın göstərilməsi;
- gəlirin qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi, güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi, güzəştlər tətbiq olunan zaman onların müvafiq fəaliyyət göstərən ekspeditorlar arasında rəqabət prinsipləri qorunmaq şərti ilə bütün təsərrüfat subyektlərinə şamil edilməsi, habelə bununla bağlı bütün ekspeditorların vaxtında məlumatlandırılması;
- XXXXXX gəlirin qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi, müvafiq sahədə fəaliyyət göstərən ekspeditorlar arasında bərabər, şəffaf, ədalətli və rəqabətə əsaslanan münasibətlərin formalaşmasının təmin edilməsi, habelə «Azərbaycan Dəmir Yolları» QSC-nin ekspeditor fəaliyyəti göstərən törəmə müəssisələri ilə özəl ekspeditorlar arasında ayrı-seçkiliyə yol verilməməsi.
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu əsas götürülərək “Azərbaycan Dəmir Yolları” QSC-yə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 24 iyun 2024-cü il tarixində 246 241 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub və müvafiq bazarda sahə inhisarçılığı hallarının aradan qaldırılması məqsədilə bir sıra icrası məcburi göstərişlər verilib.
* Göründüyü kimi, yuxarıda qeyd edilənləri təkzib, yəni inkar edəcək hər hansı məhkəmə qərarı mövcud deyil, həmçinin qeyd edilən pozuntular daha əvvəl qəbul edilən qərarlarla oxşarlıq təşkil etmir. Göstərilən səbəblərdən sahibkarlıq subyektlərinin iqtisadi-hüquqi maraqlarının təmin olunması məqsədilə qanunvericilikdə nəzərdə tutulan bütün tədbirlər ADY barəsində müvafiq qaydada görülməkdədir. Məsuliyyətdən yayınmaq əvəzinə ADY-nin fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurması tövsiyə olunur.