Bloq
Bütün Məqalələr
Toplam nəşr sayı: 11
May 12, 2023
Logistikada Xərcləri Azaltmağın 6 Yolu
Daşıma təchizat zəncirinin mühüm tərkib hissəsidir və sənayenin her bir iştirakçısı ən müasir nəqliyyat xidmətlərini aşağı qiymətlərlə əldə etməyə çalışır.
Bugün nəqliyyat logistikasının xərcləri müxtəlif səbəblərdən sürətlə artır. Qeyri-adekvat planlaşdırma, şəffaflığın olmaması və yanlış qərarların qəbul edilməsi daha yüksək xərclərə, yerinə yetirilməmiş çatdırılmalara, müştərilərin narazılığına və biznesin itirilməsinə səbəb ola bilər.
Aşağıda logistika xərclərinizi azaltmağın 6 real yolunu izah edirik.
1. Göndərişlərin konsolidasiyası
Çatdırılma tarifləri şirkət tərəfindən çəki, məsafə və digər amillərdən asılı olaraq müəyyən edilir. Göndərişlərin konsolidasiyası tədarükçülər tərəfindən daha az səfər edərək və həcmli sifarişlərə daha aşağı tariflər tətbiq olunaraq qazanc əldə etmənin strategiyalarından biridir.
2. Mərkəzləşdirilməmiş anbar xidmətləri
Nəqliyyat xərclərini azaltmağın başqa bir yolu çox sayda mərkəzləşdirilməmiş anbarlardan istifadə etməkdir. Malların mərkəzləşdirilməmiş anbarlarda yerləşməsi onların artıq müştəriyə yaxın olmasını, daha çox çeviklik və daha qısa çatdırılma müddətini təmin edir. Anbarda malların kəmiyyət və növ mövcudluğunu dəqiq bilməklə optimal nəqliyyat marşrutlarını planlaşdırmaq və xərcləri azaltmaq üçün inventarların peşəkar idarə edilməsi və ünsiyyət vacibdir.
3. Avtomatik konteyner yükləmə sistemi
Həcmli və ağır yüklərlə işləyərkən konteynerlərin yüklənməsi və boşaldılması iş prosesinin vacib hissəsidir. Avtomatik konteyner yükləmə sistemindən istifadə nəqliyyat və əmək xərclərini azaltmaq, məhsulun zədələnməsinin qarşısını almaq və bütün malları eyni anda yükləmək və ya boşaltmaq imkanı əldə etməklə məhsuldarlığı artırmaq üçün əla üsuldur.
4. Texnologiyalardan istifadə
COVID-19 pandemiyası birmənalı şəkildə göstərdi ki, proseslərin kağız üzərində sənədləşdirilməsi artıq aktual deyil. Bir sıra müəssisələr proseslərin rəqəmsallaşdırılmasına maddiyyat baxımından əhəmiyyətli dəyişiklik kimi yanaşırlar. Ancaq bu vəziyyətdə qazanc xərclərdən daha çoxdur. Aparılan rəqəmsal qeydlər sayəsində logistika menecerləri bütün təchizat zəncirini tam anlamağa imkan yaradır. Kompüterləşdirilmiş uçotun aparılması şirkətlərə pula başa gələn çatışmazlıqları tapıb düzəltməyə imkan verir.
5. Nəqliyyat parkınızı azaldın
Donanma xərclərinin idarə edilməsi üçün effektiv həllər tapmaq olduqca çətin ola bilər. Sifarişləri mövcud nəqliyyat vasitələri arasında effektiv şəkildə bölüşdürməklə daha az vaxtda daha çox ərazini əhatə etmək mümkündür. Daha çox çatdırılma üçün daha az səfər tələb olunduqda, nəqliyyat aktivlərini istismardan çıxarmaq imkanı yaranır, bu da öz növbəsində xərcləri bir az da azalda bilər.
6. Nəqliyyat vasitələrinə müntəzəm texniki qulluq
Profilaktik texniki qulluq sizə nasazlıqların qarşısını almağa və nəqliyyat vasitəsini ən yaxşı vəziyyətdə saxlamağa kömək edə bilər. Nəqliyyat vasitələrə düzgün təşkil olunmuş müntəzəm texniki qulluq proqramı ilə siz nə qədər məsafə qət etdiyinizi, neçə dəfə dayandığınızı və nə qədər yanacaq sərf etdiyinizi izləyə bilərsiniz. Düzgün xidmət avtomobilləri işlək vəziyyətdə saxlamağa kömək edir, nəticədə yanacaq sərfiyyatı və enerji itkisi azalır, bu da, təbii olaraq, nəqliyyat xərclərini azaldır.
April 28, 2023
“Qapıdan Qapıya” Xidmət: Yüklərinizin Effektiv və Etibarlı Daşınması Yolu
İnfrastrukturun və logistikanın inkişafı şirkətlərdən müştərilərə təklif olunan həlləri daim təkmilləşdirməyi tələb edir. İlk növbədə səmərəlilik və təhlükəsizliyin təminatı prinsipləri əsas götürülür. “Qapıdan qapıya” xidməti bu məqsədlər üçün idealdır. Xidmətin mahiyyəti ondan ibarətdir ki, daşıyıcı şirkət yükün hazırlanması, göndərilməsi və daşınması üzrə bütün məsuliyyəti öz üzərinə götürür ki, bu da vaxta qənaət etməyə və prosesin hər bir mərhələsinə nəzarət etməyə imkan verir.
«Qapıdan qapıya» xidmətinin üstünlükləri
1. Daşımanın bütün mərhələlərində - yükün qəbul edildiyi andan təyinat yerinə təhvil verilənə qədər, nəzarəti daşıyıcıya həvalə edən müştərinin vaxtına və əməyinə qənaət edir. Həmçinin müştərini lazımsız rəsmiləşdirmələrdən xilas edir.
2. Yükün zədələnmə riskinə qarşı maksimum qorunması təmin edilir.
3. Yükləndikdən sonra mallar aralıq saxlanmadan və aşırmadan dünyanın istənilən nöqtəsinə göndərilir.
4. Yığma yüklər göndərilərkən tövsiyə olunur.
«Qapıdan qapıya» xidmətinin çatışmazlıqları
1. Bəzən yükün növündən asılı olaraq bu xidmətdən istifadə etmək mümkün olmur. Məsələn, böyük həcmli maye və toplu yüklərə, təhlükəli yüklərə (əlavə yoxlama tələb olunur) qapıdan qapıya çatdırılma növü tətbiq edilmir.
2. Digər yükdaşıma növləri ilə müqayisədə daha yüksək qiymət.
3. Sabit satış olmadığı halda bu sxem müştəri üçün sərfəli deyil.
Xidmətin xüsusiyyətləri
Daşıyıcı şirkət qapıdan-qapıya xidməti çərçivəsində bütün zəruri müşayiətedici sənədləri hazırlayıb, birbaşa daşınma, ekspedisiya, gömrük rəsmiləşdirilməsi və təyinat yerinə çatdıqdan sonra boşaldılma əməliyyatlarını həyata keçirərkən, yüklərin çatdırılması ilə bağlı bütün vəzifə və öhdəlikləri öz üzərinə götürür. Yüklərin daşınması zamanı şirkət bir neçə nəqliyyat növünü, həmçinin birbaşa özü danışıqlar apardığı vasitəçiləri də cəlb edərək, kompleks yanaşmanı təmin edir.
Xərclərin hesablanması
Qapıdan qapıya xidmətin son dəyərini müəyyən etmək üçün bir neçə mühüm məqamı nəzərə almaq vacibdir:
- yükün həcmi/çəkisi;
- daşınma məsafəsinin uzunluğu;
- çatdırılma üçün tələb olunan vaxt;
- nəqliyyat vasitəsi ilə təminat xərcləri;
- yük sığortası.
April 12, 2023
Təbii Fəlakətlərdə Sağ Qalmaq: Təchizat Zənciri Risklərinin Azaldılması
Qloballaşma və beynəlxalq təchizat zəncirlərinin sürətlə genişlənməsi sayəsində şirkətlər məhdud resursları əvvəlkindən daha səmərəli şəkildə istifadəsinə nail olublar. Ancaq təəssüf ki, bu prosesin mənfi tərəfləri də var, məsələn, bir çox logistik proseslərin qismən asılı olduğu hava şəraitinin gözlənilməzliyi. Bu gün təbii fəlakətlərdən danışırıq.
Təbii fəlakətlər tədarük zəncirinizdə gecikdirmə və xərcləri artırmaqdan tutmuş yüklərin itməsi və malların zədələnməsi kimi ekstremal hallara qədər yükdaşımalara bir çox cəhətdən təsir göstərir.
Təchizat zəncirinin pozulması ümumi logistika prosesində mühüm nasazlıq kimi müəyyən edilir. Təbii fəlakətlər belə pozuntuların səbəblərindən biridir. Onlar adətən bir anda bir neçə firmaya və obyektə külli miqdarda ziyan vurur, bu da sənayeyə ciddi təsir göstərir.Təchizat zəncirlərinin qloballaşması ilə şirkətlərin fəlakət riskinə məruz qalması milli sərhədləri aşdı, çünki bir coğrafi məkanda təbii fəlakətin təsiri digər yerlərdəki obyektlərə təsir göstərə bilər.
Amma yükgöndərənlərin gözlənilməz təbii fəlakətlər zamanı riskləri azaltmaq imkanı var. Birincisi, siz insanlar və məhsullarınızla tez-tez ünsiyyət qurmalısınız. Planlarda dəyişikliklərin effektiv şəkildə bildirilməsi böyük vaxt və pul qənaətidir, lakin bu, yalnız təchizat zənciriniz daşınma prosesinin hər mərhələsində tam şəffaflığı təmin etdikdə mümkündür.
Tariflər
Təbii fəlakət zamanı daşıma tarifləriniz artacaq. Məsələn, əgər yollar keçilməz olarsa, yanacaq sərfiyyatını və avtomobil sürmə vaxtını artıraraq alternativ yollardan istifadə etmək lazım gələcək.
Məhsuldarlıq
Fəlakətdən sonra məhdud nəqliyyat resursları və avadanlıqları uğrunda ciddi rəqabət yaranır. Həmin məhdudiyyətlərə görə şirkətin məhsuldarlığı aşağı düşür və bu, təbii olaraq, ən yaxşı halda çatışmazlıqlar səbəbindən xərclərin artmasına səbəb olacaqdır. Hadisələrin gedişatının ən pis halında isə lazımi resursları tapmaq mümkün olmayacaq.
Daşıma müddəti
Əgər adi şərtlərdə daşıma müddəti iki gün çəkirdisə, təbii fəlakətlərin idarəolunmaz təsiri səbəbindən bu dövr uzana bilər. Yollar açılana qədər və ya anbar/fabrik fəaliyyətini bərpa edənə qədər gözləmək gərəkə bilər. Nəticədə səyahət vaxtınız artacaq.
Yanacaq
Təbii fəlakətlərdən sonra yanacağın qiyməti həmişə qalxır. Məsələn, neft emalı zavodunun bağlanması, zədələnməsi və ya işində fasilələrin yaranması yanacaq qiymətlərinin artmasına səbəb olur.
Daşımadan imtina
Təbii fəlakət zamanı daşıyıcıların malları təyinat yerinə çatdırmaqdan imtina halları tez-tez rastlanır. Məhz burada təchizat zənciri pozulmağa başlayır: fabriklərdə material və ya komponentləri gözləyərkən fasilələr yaranır; pərakəndə satıcılar ehtiyatların tükənmə təhlükəsi ilə qarşılaşır və s. Bütün bunlar potensial imkanların və gəlirlərin itirilməsinə gətirib çıxarır.
Daxili gecikmələr
Çox vaxt ölkə daxilində reallaşan yükdaşımalar da hava şəraitindən asılıdır. Sizin regionunuzda təbii fəlakət riski sıfır olsa belə, obyektlərin bağlanması və ya əlverişsiz hava şəraiti nəticəsində elektrik enerjisinin kəsilməsi səbəbindən malların çatdırılması gecikəcək. Və təbii ki, nəticə olaraq logistikaya mənfi təsir göstərəcək.
Təbii ki, müştəri öz yüklərinin daşınması üçün logistika şirkətini seçərkən, çatdırılmanın təhlükəsizliyi və bütövlüyündən narahatdır, çünki daşınma prosesində müxtəlif gözlənilməz hallar yarana bilər. Yükünüzü təhlükəsiz daşımaq üçün nə edirik? İlk növbədə, nəqliyyatın ümumi texniki vəziyyətinə ciddi nəzarət edilir, yüklərin daşınmasının təhlükəsizliyini təmin edən bütün qaydalara və standartlara, xüsusən də yükləmə-boşaltma əməliyyatları zamanı əməl olunur. Alliance Logistics mütəxəssisləri ilin vaxtından, hava şəraitindən, daşıma müddəti nəzərə alınmaqla optimal marşrutu işləyib hazırlayırlar.
March 28, 2023
2023-cü İlin Əsas Logistika Trendləri
Son illər koronavirus pandemiyası qlobal iqtisadiyyatın bütün sahələrinə təsir edib. Logistika şirkətləri məhdudiyyətlər qarşısında itkiləri azaltmaq, iqtisadiyyatın yeni tələblərini ödəmək və innovativ üsullara əl atmaq üçün strategiyalarını dəyişdirməlidirlər. Bugün, 2023-cü ildə logistika sahəsində sürətlə dəyişən tendensiyalara operativ reaksiya vermək üçün kəskin ehtiyac yaranır.
Əsas olanlara aşağıdakılar daxildir:
Rəqəmsallaşma və süni intellekt
Pandemiya biznesin inkişafı vektorunun dəyişməsinə səbəb oldu və bu, rəqəmsallaşma prosesinə də təsir etdi. İndi şirkətlər insan imkanları və süni intellektin inteqrasiyası problemi ilə üzləşirlər. İnformasiya texnologiyalarının inkişafına investisiyalar şirkətlərin xərclərini azaltmağın ən yaxşı yollarından biri hesab olunur. Ciddi karantin məhdudiyyətləri bu cür yeniliklərə açıq ehtiyac olduğunu vurğuladı. Logistika şirkətləri anbar və nəqliyyat əməliyyatlarını idarə etmək üçün getdikcə daha çox yeni sistemlər, logistik həlləri optimallaşdırmaq üçün yeni İT həllər təqdim edir, mövcud olanları isə təkmilləşdirir.
Elastik logistika
Bazarı tarazlayan tələb və təklif qanunun nisbəti bəzən gözlənilməz olur. Bu aspektdə elastik logistika sayəsində təchizat zəncirində imkanları artırmaq və azaltmaq, dəyişən reallıqlara tez uyğunlaşmaq mümkündür. Logistikanın "çevikliyi" xərcləri azaltmağa və potensial mənfəəti itirməməyə kömək edir.
Onlayn ticarətə diqqət
Qlobal Covid-19 pandemiyası onlayn alış-verişin bazar strukturuna və böyüməsinə əhəmiyyətli dərəcədə təsir göstərib və e-ticarətdən yararlanmaq üçün maneələri aradan qaldırmağa kömək edib. İstehlakçının dinamik deyişən tələblərinə cavab vermək üçün oflayn təkliflərə elektron alternativlər işə salınıb. Bəzi şirkətlərin bu məsələdə mühafizəkarlığı məcburi bağlanmalara və ya ciddi itkilərə səbəb olur.
Yaşıl Logistika
Qlobal istiləşmə, insanın ətraf mühitə təsiri artıq mücərrəd anlayışlar kimi yox, həyatın bütün sahələrində həll olunan konkret problem kimi qəbul edilir. Logistika sənayesi də istisna deyil. Bu sahədə sənayenin ətraf mühitə təsirini azaltmağa yönəlmiş yeni konsepsiya Green Logistics - "yaşıl logistika" konsepsiyasıdır. Yaşıl logistika çərçivəsində şirkətlər tərəfindən çirklənmənin qarşısını almağın bir çox yolu var - yüklənmənin optimallaşdırılması, marşrutun optimallaşdırılması, ekoloji cəhətdən daha təmiz nəqliyyat növünün seçilməsi və s. Gələcəkdə bu tendensiyanın yalnız daha da güclənəcəyi gözlənilir.
Logistikada Last Mile / Son mil
Son mil məhsulların alıcıya çatdırılmasında son mərhələdir. Təchizat zəncirinin bu mərhələsində bəzi çətinliklər var ki, bunlardan da başlıcası çatdırılma sürətidir. Qlobal daşımalarda gecikmələri kompensasiya etmək üçün kuryer xidmətləri son mildə səmərəlilikdən maksimum yararlanmağa çalışır. Yalnız bu halda onlar vəziyyəti idarə edə biləcəklər, bazarın tələblərinə cavab verib biznesdə mövqelərini möhkəmləndirməyə müvəffəq olacaqlar.